Əsas səhifə / Kondiloma / Kondiloma nədir? Necə müalicə olunur?

Kondiloma nədir? Necə müalicə olunur?

            Ziyillər xalq arasında hər kəs tərəfindən bilinən törəmələrdir. Ziyillər HPV virusu vasitəsilə yaranır və yarandığı yerə görə fərqli adlandırılır. Anal və genital bölgədə yaranan ziyillər kondiloma adlanır.

            Genital ziyillər dünya miqyasında cinsi baxımdan aktiv olan yetkinlərin təqribən 1%-inə təsir edən yayılmış xəstəlikdir.

Kondiloma niyə yaranır?

            Kondiloma da daxil olmaqla bütün ziyillərin yaranma səbəbi HPV virusudur. HPV virusunun 200-dən çox fərqli növü mövcuddur. Fərqli növ HPV bədənin fərqli yerlərində ziyillərin əmələ gəlməsinə səbəb olur. HPV virusunun 40 fərqli növü anal və genital bölgədə yaranan ziyillərlə əlaqələndirilir.

            Anal və genital bölgə ilə əlaqələndirilən ziyillər xərçənglə olan əlaqəsinə görə 3 qrupda araşdırılır. Bunlar, xərçəng xəstəliyi baxımından az riskli HPVlər (6, 11, 40, 42, 43, 44, 54, 55 və 62), yüksək risk ehtimalı olan HPVlər (23, 53 və 66) və yüksək riskli HPVlər (16 başda olmaqla, 18, 31, 33, 35, 39, 45, 51, 56, 58, 59, 68, 73 və 82) olaraq qruplara bölünür.

            HPV virusu təmas yolu ilə yoluxan virusdur. Yoluxmasına səbəb olan hallar bunlardır: cinsi təmas (anal və genital bölgədə yaranan kondilomanın əsas səbəbi cinsi təmasdır), ortaq istifadə olunan və ziyillə təmasda olmuş əşyaların istifadəsi və ziyilə birbaşa toxunmaq. İmmun sisteminin zəif olması virusun yoluxmasını və bədəndə aktiv olmasını asanlaşdırır.

Kondiloma əlamətləri nələrdir?

            Kondilomalar bədənimizdə görülən, ziyillərə bənzər törəmələrdir. Gül kələminə bənzər nahamar bir səthə malikdir. Normalda çəhrayı tonlarında olur. Tək-tək və ya toplu halda yerləşə bilirlər. Ziyillərə bənzədiyi üçün onların fərqinə varmaq çox asandır. Lakin, xüsusilə anal bölgədə olan kondilomalar bəzi xəstələr tərəfindən başqa xəstəliklərlə qarışdırılır.

            Ziyil yaranmasının ən əsas əlaməti qaşıntıdır. Anal və genital bölgədə olan qaşıntılar kondiloma xəbərçisi ola bilər. Qaşıntı və ziyil yaranmasından başqa hər hansı bir şikayət olmur. Ağrı və ya qanama kimi şikayətlərə də səbəb olmur.

            Kondilomalar sürətli şəkildə yayıla bilirlər. Buna görə də fərqinə varılan kimi mütəxəssis bir həkimə müraciət etmək lazımdır.

Diaqnoz necə qoyulur?

            Xəstəliyin diaqnozunun qoyulması üçün hər hansı bir test, ultrasəs müayinəsi və ya əlavə bir şeyə ehtiyac duyulmur. Bu sahədə mütəxəssis olan bir həkimin gözlə edəcəyi müayinə kifayət edə bilir. Lakin həkimin bu mövzuda təcrübəli olması çox vacibdir. Çünki kondilomalar bəzən başqa makat xəstəlikləri ilə qarışdırıla bilir. Bu vəziyyət də yalnış müalicə üsulunun tətbiq edilməsinə səbəb ola bilir. Bundan əlavə, ziyillərin yayılmasına da gətirib çıxarır.

Kondiloma Necə Müalicə Olunur?

            Kondiloma müalicəsi krioterapiya (dondurma), radiofrekans və elektro koter kimi metodlarla aparılır. Xalq arasında lazerlə müalicə olunması haqqında məlumatlar da yayılıb. Lakin bu doğru deyil. Kondilomalar dəri üzərində qabarıq olan törəmələrdir. Dəri üzərində qabarıq olan törəmələrin isə lazerlə müalicəsi mümkün deyil. Lazer yalnız səthi olan problemlərin həllinə kömək edir.

            Tətbiq edilən müalicə metodları arasında ən uğurlu nəticələr radiofrekans ilə aparılan müalicələrdən əldə edilmişdir. Bu səbəbdən dolayı, bizim öyrənəcəyimiz metod da elə radiofrekans üsuludur.

Radiofrekans ilə Kondiloma Müalicəsi

            Ət xalı və kapilyar varikozların müalicəsində istifadə olunan RF cihazı Kondiloma müalicəsində də uğurlu formada istifadə olunur. Radio dalğalarını istilik enerjisinə çevirən cihaz sayəsində kondilomalar birdəfəlik buxarlaşdırılır.

            Cihazın köməyi ilə bütün ziyillər buraxlaşdırılana qədər proses davam edir. Bütün ziyillərə müdaxilə edilmədiyi təqdirdə yenidən yarana bilər. Buna görə də müalicə zamanı yaranmış bütün ziyillər buxarlaşdırılmalıdır.

Kondiloma Müalicəsi Zamanı Diqqət Edilməli Şeylər

            HPV virusu inkubasiya mərhələsi olan bir virusdur. İnkubasiya mərhələsi virusun bədəndə passiv olduğu  mərhələdir. Yəni bu mərhələdə virus bədəndə canlı olaraq mövcud olur, lakin kondiloma yaratmır. Uyğun mühit yarandığı zaman (insanın immun sistemi zəiflədiyi zaman) ziyillər yarana bilir. Araşdırmalara görə HPV virusu bədəndə 2 həftə ilə 8 ay arasında canlı qala bilir.

            Müalicə zamanı bütün kondilomalar buxarlaşdırılsa belə, virus bədəndə canlı qala bildiyi üçün yeni ziyillər yarana bilər. Buna görə də müalicə zamanı bütün ziyillər buxarlaşdırıldıqdan sonra xəstə yenə də 6 ay müddətində müşahidə altında olmalıdır. Bu zaman ərzində yeni ziyillər yarandığı halda dərhal müdaxilə edilməlidir.

Genital Ziyillər Müalicədən Sonra Təkrarlanırmı?

            Çox təssüf ki, problemin təkrarlanma riski mövcuddur. Kondiloma ən çox cinsi təmas yolu ilə yayılır, buna görə də, insanlarin öz partnyorlarını seçərkən diqqətli olması HPVdən qorunması baxımından çox önəmlidir. Tədbir görülmədiyi təqdirdə virusa yenidən yoluxma riski vardır.  

Genital Ziyillər Müalicə Olunmazsa Nə Baş Verər?

            HPV xərçəngin yaranmasına səbəb ola bilir. Xüsusilə yazının giriş hissəsində qeyd olunan yüksək riskli qrupa daxil olan növlər xərçənglə birbaşa əlaqəlidir. Müalicə olunmayan ziyillər serviks xərçəngi və ya anus xərçənginə səbəb ola bilər.

            Hər kondiloma serviks xərçənginə səbəb olmaz, lakin serviks xərçənglərinin böyük əksəriyyəti HPV virusu səbəbilə yaranır. HPV və serviks xərçəngi arasındakı əlaqənin araşdırıldığı bir işdə serviks xərçənglərinin 95%-nin HPV virusundan qaynaqlandığı müəyyənləşdirilmişdir.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

WhatsApp