Hemangioma doğumdan etibarən ortaya çıxan xoşxassəli damar törəmələridir. Damar xalı olaraq da adlandırılır. Onlar qırmızımtıl və ya bənövşəyi rəngdə olan törəmələrdir. Dəri üzərində qabarıq və ya səthi olan hemangiomalar vardır. Bəziləri isə daha dərində yerləşə bilir.
Hemangiomalar damarların bir yerə yığılması ilə əlaqədar yarana bilir. Tək-tək olmaqla bərabər bədəndə birdən çox da ola bilir. Birdən çox olan hemangiomalar “hemangiomatozis” adlanır.
Nə Üçün Yaranır?
Hemangiomalar xalq arasında doğum ləkəsi və ya istək ləkəsi olaraq da adlandırılır. Bu ləkənin yaranmasının səbəbi isə hamilə qadının həmin dövrdə ürəyinin istədiyi hər hansı bir şeyi yeyə bilməməsi ilə əlaqələndirilir. Əlbəttə ki, bu düşüncənin tibbi olaraq heç bir əsası yoxdur.
Hemangiomaların niyə yarandığı dəqiq bilinmir. Lakin erkən və az çəki ilə doğulan uşaqlarda, xüsusilə də qız uşaqlarının 40%-də çox görülən hal olduğu təsdiq olunmuşdur. Bundan əlavə, ananın yaşlı olması, progesteron qəbul etməsi kimi fərqli faktorların riski artırdığı qeyd olunur. Son olaraq isə genetik faktorların da hemangiomanin meydana gəlməsində rolu olduğu göstərilir.
Hemangioma Necə Görünür?
Hemangiomalar səthi, dərin və kombinasiya olaraq təsnifləndirilir. Bir neçə millimetr və ya bir neçə santimetr ölçüsündə ola bilirlər. Səthi hemangiomalar qırmızı, daha dərin olanlar isə mavitəhər bir rəng tonuna malikdir.
Bədənin Hansı Hissəsində Görülür?
Hemangiomalar bədənin damar olan hər yerində görülə bilər. Lakin dəridə və üz nahiyəsində daha çox görülür. Daxili orqanlarda da rast gəlinən növləri vardır. Daxili orqanlardan daha çox qaraciyərdə rast gəlinə bilir. Dərisində hemangioma olan bir xəstənin daxili orqanlarına da mütləq nəzər yetirmək lazımdır.
Damar xalları ən çox üz nahiyəsində, çənə hissədə və dodaq ətrafında görülür.
Hemangiomanın Riski Nədir?
Hemangioma xoşxassəli damar törəməsi deməkdir. Yəni xərçəngə çevrilmə və başqa riskləri yoxdur. Lakin vizual olaraq, harada yerləşməsindən asılı olaraq özü ilə birlikdə bəzi problemləri də gətirir. Məsələn, göz ətrafında olan və böyümə ehtimalına malik bir hemangioma gözə zərər verə bilir və görmə qabiliyyətinin itməsinə səbəb ola bilir. Dodaq ətrafında yerləşən və böyüyən hemangioma yemək vərdişlərini həyata keçirməyə mane ola bilir. Boyun bölgəsində yerləşən dərin hemangioma isə səs tellərinə zərər verərək səs batması kimi problemə səbəb ola bilir.
Səbəb olacağı sağlamlıq problemləri ilə birlikdə estetik olaraq da narahatlıq yarada bilir.
Hemangiomanın Böyümə Ehtimalı Varmı?
Bəli. Hemangiomalar böyüməyə meyillidirlər. Bəzi hemangiomalar dəridə bir ləkə olaraq ortaya çıxıb daha sonra qabarıq damar xalı formasında böyüyürlər. Bu cür ləkələr ilk 3 ay ərzində sürətli formada böyüyür. Sonra böyümə sürəti azalır və təqribən bir yaşda böyümə dayanır. Hər hemangioma böyümür. Bəziləri doğumdan sonra da olduğu kimi qala bilir. Bəzi hemangiomalar 1 yaşa qədər böyüyür, 18 ay sonrasında isə kiçilməyə başlayır. Bu kiçilmə 9 yaşa qədər davam edir. Bu yaşa qədər kiçilməyən hemangiomanın ömür boyu qalıcı olduğu düşünülür. Damar xalı hər il 10% kiçilir. Bu hesabla, 40%-i 4, 50%-i 5, 90%-i isə 9 yaşa qədər kiçilir.
Kiçilən hemangiomalar tamamilə yox ola bilir və bu halda heç bir iz qalmır.
Hemangioma Müalicə Edilməlidirmi?
Yuxarıda qeyd edildiyi kimi, hemangiomaların 9 yaşa qədər kiçilib yox olma ehtimalı vardır. Buna görə də müalicəyə başlamadan öncə hemangiomanın böyüyüb böyümədiyi mütləq izlənməlidir. Hemangioma körpələrdə görüldüyü üçün bu müşahidə ailələr tərəfindən diqqətlə aparılmalıdır.
Müalicəyə məcbur edən bir vəziyyət yoxdursa 9 yaşa qədər gözləmək mümkündür. Lakin böyüməyə meyilli olan hemangiomaların harada yerləşməsindən asılı olaraq müalicəyə ehtiyac ola bilər. Məsələn, göz ətrafında yerləşən və böyüməyə meyilli olan hemangiomalar görmə qabiliyyətinin itirilməməsi üçün müalicə olunmalıdır.
Hemangioma Müalicəsi Necədir?
Hemangioma üçün dəqiq müəyyənləşdirilmiş müalicə metodu yoxdur. Bəzi həkimlər dərmanla, bəziləri lazerlə müalicə üsulunu tətbiq edir, bəzi həkimlər isə əməliyyata müraciət edirlər. Müraciət etdiyiniz həkim və xəstəxanadan asılı olaraq müalicə metodu dəyişə bilir.
Əməliyyatla Müalicə
Əməliyyatla müalicə adından da gördüyümüz kimi hemangiomanın cərrahi yolla kəsilərək götürülməsidir. Əməliyyatdan sonra iz qaldığına görə çox da məsləhət görülən müalicə metodu deyil. Çünki bu, hemangiomanın yaratdığı estetik qüsurun aradan qalxmaması deməkdir. Alternativ müalicə metodları mövcuddur.
Lazer Müalicəsi
Lazer müalicəsi dəri ləkələrinin və xalların müalicəsində geniş şəkildə istifadə olunur. Lazerlə uğurlu nəticələr əldə edilir. Lakin lazer sadəcə səthi problemlərdə daha effektlidir. Bu hal damar xalları üçün də keçərlidir. Səthi hemangiomalar lazerlə müalicə oluna bilir. Lakin dəridə qabarıq olan hemangiomaların lazerlə müalicəsi mümkün deyil.
Dərman Müalicəsi
Hemangioma müalicəsində istifadə olunan dərmanlar kortizon, propranolol və aethoxysklerol tərkibli dərmanlardır.
Propranolol Müalicəsi
Kortizon çox əks təsirə malik olduğuna görə üstünlük verilən maddə deyil. Bunun əvəzinə daha çox propranolol tərkibli dərman istifadə olunur. Propranolol təzyiq müalicəsində çox təsirli olduğu kimi hemangioma üçün də effektli olduğu müəyyən edilmiş və istifadə olunmağa başlanmışdır.
Aethoxysklerol (Skleroterapiya)
Aethoxysklerol maddəsi damar genişlənməsi, yəni, varikoz xəstəliyinin müalicəsində istifadə olunur. Hemangioma da damarlarda meydana gələn bir problem olduğuna görə bu dərman hemangioma müalicəsində də istifadə olunur. Dərman sayəsində problemli damarlar qalıcı olaraq qapatıla bilir. Qabarıq və səthi olan bütün hemangiomalara tətbiq edilə bilir.